Dünən Mistofi, bugün Sabiri – İran rejimi milli hərəkatı idarə etmək üçün yeni üsula keçir

hakimiyyət kontrol mixanizmini mərkəzləşdirərək hədəflərini yaxından və dəqiq seçməyi planlaşdırır. Bu isə milli hərəkatın beyini sayılan fəallara ciddi bədəl ödətdirə bilər. ona görə ki onlar yaxından izlənilib və ağır zərbələrin hədəfində yer alacaqlar.

Mistofi və Sabiri hər ikisidə vali (Ostandar), mərkəz tərəfindən Azərbaycan üçün seçilmiş, hər ikisi üçün mədəniyyət üzrə xüsusi ezamiyyət nəzərdə tutulmuş, hər ikisidə anti türk… ancaq birisi Pəhləvi hakimiyəti dönəmi digəri isə islami hakimiyyəti dövrünə təsadüf edir. Mistofi ezamiyyətini başa vurub, Sabiri isə yeni başlayır…

İki gün öncə İran prezidenti Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən nazirlər kabineti iclasında, daxili işlər nazirinin təklifi ilə, nazirlər kabineti seyid Hüseyn Sabirini Ərdəbil vilayətinə vali (ostandar) təyin edib. Bu şəkildə Gözlənilməz təyinat nəticəsində Sabiri, cənab Mənsur Həqiqətpurun yerinə oturmuş oldu.

İran Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata əsasən, 3-cü gün keçirilən nazirlər kabineti iclasında prezident Əhmədinejad Dövlətin cəmiyyət arasında ümumi mədəniyyəti inkişaf etdirmək səylərini vurqulayaraq bildirib ki, “dövlətimiz mədəniyyət sahəsindəki planlarını izləməkdə qərarlıdır. Mədəni peoqramların təsirinin tədrici olmasını nəzərə alaraq, ümumi mədəniyyəti yüksəldmək məqsədi ilə öz səylərimizi var gücümüzlə dəvam etdirəcəyik.”

Seyid Hüseyn Sabiri bundan öncə Loristan vilayətinin valisi olub. Sabiri Əhmədinejadın ən sərt müdafiəçilərindən sayılır. O Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı tutduğu mövqe və anti türk imici ilə bir çox yüksək rütbəli İran rəsmilərindən xüsusi fərqlənir.

Yeni təyin olunmuş valinin fəaliyyətlərini yaxından izləyən milli-mədəni fəallar onun Azərbaycan və türk kimliyinə qarşı əks mövqedə olduğunu və bu zəmində dəfələrlə fakt ələ verdiyini vurqulayırlar. Ancaq bu faktlar qeyri-rəsmi mənbələrdən olduğuna görə, hələlik onları sadalamağa tələsmirik.

Təyinat zamanı Prezident Mahmud Əhmədinejadın mədəniyyət məsələsini vurqulaması, yeni valinin anti türk mövqeyi və Azərbaycanda Milli Hərəkatın dərinləşdiyi bir dönəmə təsadüf etməsi istər-istəməz insanı Rzaxan tərəfindən Azərbaycana vali təyin olunmuş məşhur Abdullah Mistofini xatırladır.

Mistofidə güya Azərbaycanın mədəniyyətini yüksəldməli idi. Ancaq o, öz mədəniyyətinə uyqun olaraq Azərbaycanlıları Eş… adlandırdı. Bir kələmə fars dili bilməyən yaşlı soydaşlarımıza türk dilində öz əzizlərinə yas tutub, Bayatı deməyi belə yasaqladı və bununlada fəxr etdiyini dəfələrlə dilə gətirdi.

Cənab Sabiri haqqında məqalə yazmaq fikrimiz yoxdur. bu yazı ancaq uyarı xarakteri daşıyır. əgər oyanıq olmasaq ola bilsin ki cənab Sabiri gələcəkdə Mistofi kimi yüzlərlə məqalənin mövzusuna səbəb olsun.

İran rejimi Azərbaycanlı fəallara qarşı 22 may (1 xordad) Milli Qiyamın 4-cü ildönümü ərəfəsində təzyiqlərə yeni vüsət verdi. Eləki hər 18 dəqiqədə 1 Azərbaycanlı fəalın İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlandığı qeydə alındı. Qısa müddətdə 50 nəfərə yaxın milli-mədəni fəal həbs edildi. Onların əksəriyyəti bir müddət saxlanıldıqdan sonra zəmanət və mülki vəsiqə qarşılığında azadlığa buraxıldılar. Lakin bizə məlum olan qədər hələdə Təbriz ETTELAATında (İran Kəşfiyyat Nazirliyi) 20-yə yaxın milli-mədəni fəal qanunsuz olaraq həbsdə saxlanılır.

Diqqətə layiq məqam ondan ibarətdir ki, Azərbaycanın və İranın müxtəlif bölgələrində yaxalanan fəallar hamısı Təbriz ETTELAATına gətirilir. Hətta Tehranda yaxalansa belə…

ETTELAAT təcridxanasında həbs olub sonra zəmanətə buraxılanlar və ETTELAATa çağrılıb sorğu-suala tutulan milli-mədəni fəalların əksəriyyəti, ETTELAAT məmurlarının dəyişildiyini bildirirlər.

Milli hərəkatın dərinləşdiyi bir dönəmdə, aprelin 2-də (13 fərvərdin) möhtəşəm Urmu Gölü Yığıncağı və “Traxtur” taxımının futbol yarışlarında milli həyəcanın 100000-lər insanın arasında yaşandığı bir zaman, Güney Azərbaycanda bu kadro dəyişikliyinin səbəbi nə ola bilər?! Anti türk keçmişi ilə tanınan Seyid Hüseyn Sabirinin Ərdəbilə gözlənilmədən Vali göndərilməsi hansı səbəbin nəticəsidir?! Ərdəbil, Muğan, Maku, Rəşt, Xoy, Tehran və… şəhərlərdə tutulanların Təbriz ETTELAAT şöbəsində köçürülməsini nəilə izah etmək olar?!

Yoxsa Tehrandan yaşıl hərəkatı, Təbrizdən isə milli hərəkatı idarə etmək istəyirlər? Olabilsin yaşılçılardan bir az rahatlamış hakimiyyət, milli hərəkatın üzərinə yeni güclə gəlir? bəlkə bu üsul, milli hərəkat İranın bütün bölgələrində yaşayan Azərbaycanlıları bürüməsin deyə nəzərdə tutulub?

Bütün bunlarda hardasa həqiqət ola bilər. Ancaq iki nəticə qaçılmaz nəzərə gəlir. Birisi ideloji bazasını itirən hakimiyyət zor tətbiq etmə üsuluna keçib. ikincisi isə hakimiyyət milli hərəkatı bir mərkəzdən idarə etmək istəyir. O mərkəz hələki Təbriz görünür.

Ehtimala görə, hakimiyyət bununla kontrol mixanizmini mərkəzləşdirərək hədəflərini yaxından və dəqiq seçməyi planlaşdırır. Bu isə milli hərəkatın beyini sayılan fəallara ciddi bədəl ödətdirə bilər. ona görə ki onlar yaxından izlənilib və ağır zərbələrin hədəfində yer alacaqlar.

İkinci məsələ isə olabilsin ki Hakimiyyət bununla vüsəti və cəmiyyəti böyük olan Azərbaycanın etirazlarını bir şəhərdə cəmləşdirib, narazılığın ancaq o şəhərdə olduğunu gözə çarpdırmaq istəyir.

Digər diqqətə layıq məqam isə milli hərəkatın qarşısından Tehranı çəkib, sözdə Təbrizi və bəzi sapı özümüzdən olan baltaları yerləşdirmək istəyirlər. Bununlada sadəlövh insanlara psixoloji təsir edib, fars şovinizmi ilə Azərbaycan türklərinin arasında yaranmış uçurumu qapatmağa çalışırlar.

Ümid edirik ki, Milli Hərəkatın məzmununu dəyişmək, onun əhatə dairəsini daraltmaq istəyən və buna görə hər bir vasitədən o cümlədən zor tətbiq etməkdən çəkinməyən İran rejiminin yeni planıda, millətimizin və milli fəalların oyanıqlığı nəticəsində zərərsizləşdiriləcək.

GünAzTv mətbuat mərkəzi

Nəbi Soytürk

www.GunAz.Tv | 16-İyul-2010, 15:49