“Almaatı görüşü nəticəsiz qalacaq”
Vəfa Quluzadə: “Çünki Rusiya Qarabağ məsələsinin uzun müddət həll olunmamasına çalışır”
“ABŞ, Rusiya, Avropa Ermənistanı suçlamır ki, sən Azərbaycanın torpaqlarını işğal etmisən, qoşunlarını oradan çıxart, BMT-nin qərarlarına hörmət elə” İyulun 17-də Qazaxıstanın Alma-atı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Görüşə ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri də qatılacaq.
Müşfiq
Lakin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirdiyi birifinqdə görüşün və onun perspektivini şübhə altına alan fikirlər söyləyib.
Edvard Nalbandyan deyib ki, belə görüşün keçirilməsi prinsipcə mümkündür, həmsədrlər hazırda görüşün təşkili üzərində işləyir, lakin məsələ hələlik qətiləşməyib. O, bu tərəddüdü onunla izah edib ki, əvvəlcə Azərbaycan danışıqları “Madrid prinsipləri”nin prezidentlərin Sankt-Peterburq görüşündə təqdim edilən yeni variant əsasında aparmağa razı olduğunu bildirməlidir: “Hansı ki, danışıqları bu sənəd üzərində aparmaq barədə yüksək səviyyədə razılıq əldə edilib. Məncə, bu, Alma-atıda gözlənilən görüş üçün əsas məsələdir”.
Ermənilərin iddiasına görə, Rusiya prezidenti Dmitri Medvedyev tərəflərə “Madrid prinsipləri”nin yeni variantını təqdim edib. Rəsmi Bakı isə ümumiyyətlə, Sankt-Peterburqda “Madrid prinsipləri”nin yeni variantının təqdim edildiyini təsdiqləmir. Bildirilir ki, danışıqlar masası üzərində, ancaq tərəflərə ötən il Afinada təqdim edilmiş yenilənmiş “Madrid prinsipləri” var. Bununla belə, rəsmi Bakı Kəlbəcər və Laçının hansı müddətə boşaldılacağına dair müxtəlif variantların olduğunu və Almaatıda bununla bağlı danışıqlar gedəcəyini deyib. Öz növbəsində İrəvan ərazilərin qaytarılmasına dair danışıqları təsdiqləmir.
Edvard Nalbandyan isə çıxışında yenilənmiş “Madrid prinsipləri” ifadəsini işlətməkdən yayınıb və danışıqları “Madrid prinsipləri”nin Sankt-Peterburq görüşündə təqdim olunmuş son variantı üzərində aparmaqdan danışıb.
Qeyd edək ki, Azərbaycan yenilənmiş “Madrid prinsipləri”ni bu ilin fevralında qəbul etdiyini açıqlayıb. Erməni tərəfi təkliflərə cavab vermək üçün iki həftə vaxt istəyib, lakin bu günə qədər konkret cavab yoxdur. Azərbaycan dəfələrlə bildirib ki, danışıqlar prosesinin gələcəyi ermənilərin bu təkliflərə münasibətindən asılı olacaq. İrəvan təkliflərə cavab vermədiyi üçün rəsmi Bakı bir neçə ay birbaşa danışıqlardan kənara çəkilmişdi. Göründüyü kimi, eyni taktikanı bu dəfə erməni tərəfi yamsılayır. İrəvan iddia edir ki, danışıqlar masası üzərində hansısa yeni təkliflər var və proses Azərbaycanın ona münasibətindən asılı olaraq davam edəcək. Almaatı danışıqları ərəfəsində prezident İlham Əliyev növbəti dəfə bəyanlayıb ki, danışıqlarda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını nəzərdə tutan hər hansı mexanizm müzakirə edilmir: “Müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz. Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil və olmayacaq. Azərbaycan danışıqlarda yalnız bu prinsiplər əsasında iştirak edir”.
Politoloq Vəfa Quluzadə qəzetimizə açıqlamasında Almaatı görüşündən heç bir nəticə gözləmədiyini dedi: “Əsas məsələ ondan ibarətdir ki, Ermənistanın işğalı təcavüz kimi tanınmır. Ermənistanla rəftar təcavüzkarla rəftar deyil. ABŞ, Rusiya, Avropa heç birisi, Ermənistanı suçlamır ki, sən Azərbaycanın torpaqlarını işğal etmisən, qoşunlarını oradan çıxart, BMT-nin qərarlarına hörmət elə. Hamısı Azərbaycanı güzəştə məcbur edir. Azərbaycan güzəştə gedir, nəticədə yenə heç nə olmur. Məsələn, 1999-cu ildə güzəştli sülh gözlənilirdi, Ermənistan parlamentində baş nazir, spiker, deputatlar güllələndi, güzəştli sülh olmadı. Levon Ter-Petrosyan mərhələli sülh təklif edirdi, Moskva onu istefaya göndərdi. İndi Azərbaycan yenilənmiş “Madrid prinsipləri”ni böyük bir güzəşt kimi qəbul edir. Amma Ermənistan bu güzəşti də qəbul etmədi. Çünki Rusiyanın mövqeyi Qarabağ məsələsinin uzun müddət həll olunmamasından ibarətdir”. Vəfa Quluzadə Ermənistanın yenilənmiş “Madrid prinsipləri”ni Sankt-Peterburq görüşünün son variantı adlandırmasını siyasi oyun adlandırdı.
![]()
