Tariximizə sahib durmalıyıq
Babəkə və Nuru paşaya abidə ucaltmalıyıq
Bu gün öz tarixi torpaqlarında, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan və sayı 50 milyondan çox olan Azərbaycan türklərinin gözü hər zaman müstəqil Azərbaycan Respublikasında və onun paytaxtı Bakı şəhərindədir.
Təbii ki, xalqımızın bütövlüyü, mənəvi birliyi naminə burada qəbul olunan qərarlar, görülən işlər olduqca böyük önəm daşıyır. Zənnimcə, heykəl, abidə və abidə komplekslərinin ucaldılması zamanı təkcə müstəqil Azərbaycan Respublikasının sərhədləri çərçivəsində yaşayan vətəndaşlarımızın yox, bütün Azərbaycan türklərinin, Türk Dünyasının ortaq maraqları nəzərə alınmalıdır.
Bu baxımdan, Bakı şəhərində Babəkin və Nuru paşanın heykəllərinin ucaldılmasıyla bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin tərəfindən Milli Məclisin iclaslarında və müxtəlif kütləvi informasiya vasitələrində dəfələrlə səsləndirdiyi təkliflər millətimizə, dövlətimizə bütöv yanaşmanın təzahürüdür. Azərbaycan tarixi xalqımızın azadlıq mücadiləsi və qəhrəmanlıq səlnaməsilə zəngindir. Lakin Azərbaycan türklərinin qan yaddaşında yadelli işğalçılara qarşı 22 il mübarizə aparan Babəkin xüsusi yeri var. Babək, həmçinin güneyli, qüzeyli Azərbaycanı bütövləşdirən qəhrəmanlıq simvolu, əbədi azadlıq abidəsidir. İndi bu abidənin düşüncələrdən və könüllərdən nəhəng bir monumentə köçürülməsinə ehtiyac var. Babəkin heykəli monumental xarakter daşımalı, Azadlıq meydanında, at belində və nəhəng potstament üzərində ucaldılmalı, Babəkin adını daşıyan prospekt Azadlıq prospektikə birləşdirilməlidir.
1918-ci ildə Azərbaycan xalqının erməni soyqırımından xilas olunmasında, Bakı şəhərinin ölkənin paytaxtına çevrilməsində, milli ordunun formalaşmasında müstəsna xidmətləri olan Nuru paşaya layiq olduğu qiymətin verilməsi də tarixi ədalətin bərqərar olunmasına zəmin yaradar, Türkiyə və Azərbaycan türklərinin tarixi birliyini əks etdirən simvola çevrilərdi.
Bu Vətən bizimdir. Onun keçmişinə də, gələcəyinə də biz sahib durmalı, gələcək nəsillərə tarixində iynə ucu böyüklükdə olsa da belə şübhə yeri qalmayan, ədalətli, bütöv, qüdrətli Azərbaycan miras qoymalıyıq.
Azər
